Nazilə Soltan

Azərbaycan Demokrat Partiyasının (ADP) Qadınlar Şurasının sədri Nazilə Soltan "Qarabağ" bloku çərçivəsində təmsil etdiyi partiya ilə Ümid Partiyasının münasibətlərinə toxunub.

O, son günlər Ümid Partiyasındakı kadr dəyişikliyinə də münasibət bildirib. N.Soltan sədrin keçmiş müavini Könül Quliyevanın partiyadan və müavinlikdən istefasına da yenidən aydınlıq gətirib. O, bu istefaya görə partiya sədri İqbal Ağazadəyə heç bir etirazı olmadığını söyləyib: 

"İstefa ilə bağlı işin mahiyyətini bilmədiyim üçün İqbal bəyə etiraz edə bilmərəm. Əvvəlki müsahibəmdə qeyd etdiyim kimi, hər iki şəxsi yalnız yaxşı mənada tanıyıram. Könül Quliyevadan da həmişə İqbal bəydən razılıq etdiyini eşitmişəm. Birdən-birə olan hadisədir, təfərrüatı ilə bilmədiyim üçün heç bir söz deyə bilmərəm". 


O, Ümidlə ADP-nin münasibətlərini yüksək qiymətləndirdiyini söyləyib: "İctimai-siyasi vəziyyəti bir yerdə müzakirə edirik, eyni qərara gələ bilirik. Bu müddət ərzində fikir ayrılığımız olmayıbsa, inşallah, bundan sonra da olmaz".

N.Soltan "Qarabağ" bloku bələdiyyə seçkilərinə hazırlaşacağını da dedi: "Hələ qərar təsdiqlənməyib, amma Ümid Partiyası ilə birgə seçkilərə getməyi düşünürük. Digər müxalifət partiyalarına seçkilərdə bir yerdə iştirakla bağlı cəhd olunsa da, onlar birləşmək istəmədiyini bildirdilər".
Printer »»»